Məmmədyarov gerilədi
Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günündə növbəti görüşlər keçirilib.
Kişilərin yarışında daha 5 tur təşkil olunub. Şəhriyar Məmmədyarov rusiyalı Qriqori Oparini yensə də, onun həmyerlisi Yan Nepomnyaşi, çinli Yu Yanq Yi, hollandiyalı Aniş Giri ilə heç-heçə edib və daha bir rusiyalı Maksim Matlakova uduzub. Bununla da Məmmədyarov aktivinə daha 2,5 xal yaza bilib.
Digər şahmatmılarımız - Qədir Hüseynov 1 qələbə, 4 heç-heçə, Rauf Məmmədov 3 heç-heçə, 2 məğlubiyyət alıb.
Bu nəticələrdən sonra Məmmədyarov və Hüseynov hərəyə 6,5 xalla 18 - 38-ci pillələrdə yer alıblar. 5,5 xalı olan Məmmədov 64 - 91-ci yerləri bölüşür.
Qadınların mübarizəsində isə daha 4 tur oynanılıb. Azərbaycan təmsilçilərindən Gülnar Məmmədova görüşlərini 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova hərəyə 2 qələbə, 2 məğlubiyyət, Türkan Məmmədyarova 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyətlə başa vurub.
Bununla da Məmmədova 5,5 xalla 10 - 21-ci, Məmmədzadə 4,5 xalla 37 - 58-ci, Zeynəb Məmmədyarova 4 xalla 59 - 68-ci, Türkan Məmmədyarova 3,5 xalla 69 - 92-ci pillələrdə yer alıblar.
Qeyd edək ki, rapid növündən mübarizəyə dekabrın 28-də yekun vurulacaq. Kişilər 15, qadınlar 12 tur yarışacaqlar.