Məmmədyarovdan 3-cü heç-heçə

Hollandiyanın Veyk-an-Zeye şəhərində şahmat üzrə Tata Steel Chess superturniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 4-cü tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb. Rusiyalı qrossmeysterə qarşı qara fiqurlarla mübarizə aparan həmyerlimiz heç-heçəyə razı olub.

Hesabındakı xalların sayını 2,5-ə çatdıran Ş.Məmmədyarov 3-5-ci yerləri bölüşür. Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) 3 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, yanvarın 17-da keçiriləcək 5-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Amerika şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək.