Milli komandalarımız toplanışda

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan seçmə komandaları bu gün növbəti təlim-məşq toplanışına başlayıb.

Sportline.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki komanda ölkə xaricində toplanış keçir.

Yunan-Roma güləşi üzrə milli baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə məşqlərə başlayıb. “Stayki” Olimpiya Mərkəzində keçirilən toplanışda bir neçə ölkənin komandası iştirak edir. Hazırlıq prosesi fevralın 25-dək davam edəcək.

Sərbəst güləş seçməsi isə, Dağıstana yollanıb. Mahaçqalada keçirilən toplanışa baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov nəzarət edir. Bu komandanın da ölkə xaricində hazırlığı fevralın 25-dək davam edəcək.

Qeyd edək ki, təlim-məşq toplanışları martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.