Milli təsnifat turnirinə hazırlığı davam etdirir

Kişi həndbolçulardan ibarət milli komandamız yanvarın 13-dən 15-dək 2026-cı il Avropa çempionatının təsnifat turnirində qüvvəsini sınayacaq.

Sportline.az xəbər verir ki, həndbolçularımız “AHF Arena”da təlim məşq toplanışını davam etdirirlər. 16 idmançının qatıldığı hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Raşad Hüseynovun rəhbərliyi ilə aparılır. Fiziki hazırlığı başa çatdıran komanda toplanışın son günlərində taktiki və texniki çalışmaları yerinə yetirməkdədir. Gündə 1 dəfə olmaqla hər gün məşq edən millinin düşərgəsində nikbin ab-hava və mübariz əhval ruhiyə hökm sürür.

Qeyd edək ki, millimiz "Bakı İdman Sarayı"nda keçiriləcək təsnifat turnirinə yanvarın 13-də yerli vaxtla saat 17:00-da Malta seçməsinə qarşı oyunla start verəcək. Həndbolçularımız yanvarın 14-də saat 17:00-da Böyük Britaniya seçməsi ilə qarşılaşacaqlar. Yanvarın 15-i saat 15:00-da isə millimiz Kipr kollektivi ilə oyuna çıxacaq.