Millidə qalmaqal

Qətərdə təşkil olunan DÇ-2022-zamanı Almaniya millisində qalmaqal yaşanıb.

Sportline.az xəbər verir ki, bu barədə "Bild" məlmat yayıb.

Milli komanda düşərgədə iki hissəyə bölünüb - "Bavariya"nın oyunçuları və digərləri. Baş məşqçi Hans-Diter Flik "Bavariya"nın oyunçularına qarşı xüsusi münasibətdə ittiham olunub. Bu da komanda daxilində ixtilaf yaradıb. Flik ona görə də bütün komandanın rəğbətini qazana bilməyib.

Problemlər DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Yaponiya ilə oyunundan (1:2) əvvəl başlayıb. Matç ərəfəsində “One Love” sarğısı ətrafında müzakirələrə Manuel Nouer və Leon Goretzka başlayıb. Onlar israrla oyunöncəsi komanda ilə foto çəkilişi zamanı ağzını örtmək lazım olduğunu bildiriblər. Digər oyunçular isə heç bir siyasi aksiyada iştirak etmək istəməyiblər.

Yaponiya ilə oyun zamanı bir çox futbolçu Flikin İlkay Gündoğanın yerinə Qoretskanı buraxma qərarını anlamayıb. İlkay isə bu qərara görə qəzəblənib. Mark-Andre ter Ştegen və Kay Havertz dünya çempionatında oyuna ehtiyat oyunçular skamyasında başladıqları üçün məyus olublar. “Barselona”nın qapıçısı xüsusilə klubdakı çıxışlarına rəğmən şans qazanmadığına görə təəssüflənib.

"Bavariya"da Flikin baş məşqçiliyi altında oynayan, hazırda "Borussiya" Dortmundun şərəfini qoruyan Niklas Süle ilk oyunda zəif çıxış etməsinə baxmayaraq, meydana çıxıb. Niko Şlotterbek və Mattias Ginter isə şans qazanmayıb.

Bütün bunlar yığmanın daxilində ciddi problemlərə yol açıb.

Qeyd edək ki, Almaniya yığması DÇ-2022-də E qrupunu 4 xalla üçüncü sırada başa vuraraq turnirlə erkən vidalaşıb.