Millimiz 3 medalla 3-cü oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran Pridə Azərbaycan milli komandası 3 medal qazanıb.

Sportline.az xəbər verir ki, yarışın sonuncu günündə Uşangi Kokauri (+100 kq) fəxri kürsüyə qalxıb.

Mübarizəyə 1/16 final mərhələsindən başlayan Kokauri əvvəlcə sloveniyalı Vito Dragiçi, daha sonra ABŞ təmsilçisi Kristian Konovalı üstələyib.

1/4 final mərhələsində o, monqolustanlı Tsetsentsengel Odxuuya uduzsa da, təsəlliverici görüşdə braziliyalı Rafael Silvanı yenməyi bacarıb. Bürünc medal görüşündə isə Gürcüstan cüdoçusu Gela Zaalişvili ilə qarşılaşma baş tutmayıb. Buna Zaalişvilinin cəza üzündən görüşə buraxılmaması səbəb olub.

Beləliklə, Azərbaycan yığması Qran Prini bir dəst medalla başa vurub. İlk iki yarış günündə Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Mollayi (81 kq) gümüş medal qazanmışdı.

Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 69 ölkə arasında 7-ci, kişilərin yarışında isə Niderland (2 qızıl, 2 bürünc) və Gürcüstandan (1 qızıl, 1 gümüş, 2 bürünc) sonra 3-cü yeri tutub.

Qeyd edək ki, bu gün tatami üzərinə çıxan azərbaycanlı digər cüdoçular Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda serbiyalı Nemanya Maydova, Elmar Qasımov (100 kq) isə İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə uduzaraq, mübarizəni erkən dayandırıb.