Millimiz AÇ-nin təsnifat turnirinə qələbə ilə başladı

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinə qələbə ilə başlayıb.

Sportline.az xəbər verir ki, milli ilk oyununda Malta seçməsinə qalib gəlib.

Bakı İdman Sarayında baş tutan görüşdə Nasser Saliminin baş məşqçi olduğu kollektiv rəqibini 34:25 hesabı ilə məğlub edib. Birinci hissəni 18:6 hesabı ilə öndə tamamlayan meydan sahibləri üstünlüyü ikinci yarıda da əldən verməyib.

Oyunun ən yaxşısı Azərbaycan millisinin üzvü Ramazan Muradov seçilib. Həndbolçuya mükafatı gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.

Yığma növbəti oyununu yanvarın 14-də Böyük Britaniya seçməsinə qarşı keçirəcək. Görüş saat 17:00-da başlayacaq. Bu qarşılaşmadan əvvəl isə - saat 14:45-də Malta və Kipr kollektivləri üz-üzə gələcəklər.

Qeyd edək ki, I turun digər matçında Böyük Britaniya millisi Kiprlə heç-heçə edib - 25:25.