Millimiz C qrupunu bürünc medalla başa vurub

Azərbaycanın amputant futbolçulardan ibarət komandası Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunu bürünc medalla başa vurub.

Sportline.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda qrupdakı son oyununu Ukraynaya qarşı keçirib.

"Bayıl Arena" stadionunda baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Milli daha əvvəl Belçikanı 3:0, Niderlandı isə 1:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz heç-heçəyə razılaşıb.

Qeyd edək ki, turnir cədvəlindəki yekun sıralamaya əsasən, 9 xala malik Ukrayna yarışı birinci pillədə başa vurub. Komanda həmçinin Millətlər Liqasında B qrupuna yüksəlib.

İsrail 8 xalla ikinci, Azərbaycan 7 xalla üçüncü sırada yer alıb.

4 xalı olan Niderland dördüncü, xalsız olan Belçika isə beşinci yeri tutub. Sonuncular Millətlər Liqasında D qrupuna yuvarlanıblar.