Millinin baş məşqçisi: "Daha çox çalışmaqla istəyimizə çata bilərik"
Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin V İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam edir.
Avqustda keçiriləcək İslamiadaya qələbə ardınca yollanacaq komandanın baş məşqçi Slavisa Ristiçeviç Sportline.az saytına açıqlamasında hazırlıq prosesindən razı olduğunu bildirib: "Mayın 16-dan təlim-məşq toplanışındayıq. Artıq bir araya yaxındır ki, hazırlığa start vermişik. Həndbolçuların əhval-ruhiyyəsi yüksək səviyyədədir. İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırıq. Bizim üçün bu oyunlar çox vacibdir. Nəinki, bu, ümumiyyətlə bütün yarışlarda uğur qazanmaq niyyətindəyik. Qarşıda iki ay vaxtımız var. Məncə daha çox çalışmaqla istəyimizə çata bilərik. Burda olduğumdan çox məmnunam. İşlər qaydasında gedir".
Qeyd edək ki, iyunun 15-də Bakıda yekunlaşacaq toplanış, ardınca ölkə xaricində davam etdiriləcək. Milli iyunun 24-dək Gürcüstanda hazırlıq keçəcək. Həmin təlim-məşq toplanışında bir neçə yoxlama oyununun keçirilməsi planlaşdırılır.
İslamiadaya hazırlıq planına əsasən, seçmə komanda digər toplanışlara da qatılacaq.
İslam Həmrəyliyi Oyunları 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində təşkil olunacaq.