Mübariz Mənsimov Avropa çempionumuzla görüşdü
Tanınmış azərbaycanlı biznesmen, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov yeniyetmə güləşçilər arasında Avropa çempionu, əslən Masallıdan olan Ruzanna Məmmədova ilə görüşüb.
Sportline.az xəbər verir ki, iş adamı bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.
O, 13-19 iyun aralığında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə birinciliyində 49 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Ruzanna haqqında bu sözləri yazıb:
"Bu gün Azərbaycanımızın dəyərli qızı, fəxrimiz, qürurumuz, yeniyetmə qadın güləşi üzrə Avropa çempionumuz Ruzanna Məmmədova qonağım oldu. 8 yaşından peşəkar güləşlə məşğul olan Ruzanna Azərbaycan adına çoxlu qələbələr qazanıb.
Ruzanna bu günlərdə keçiriləcək Dünya çempionatında da iştirak edəcək. Mən əminəm ki, qızımız oradan çempion kimi, böyük qələbə ilə qayıdacaq. Qadınların bütün sahələrdə öncül mövqelərdə olması çox sevindiricidir. Çünki onlar təmsil etdikləri toplumların gücünə güc qatırlar. Yeni nəsilləri, gənc qızlarımızı ruhlandırırlar. Böyük mütəfəkkir Hüseyn Cavid deyirdi: “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək”...
Səninlə və sənin simanda olan bütün idmançılarımızla fəxr edir və uğurlar arzu edirəm, əziz Ruzanna!".