Musayev "Sabah"a gəlir?
“Sabah” klubu “Krasnodar”ın sabiq baş məşqçisi Murad Musayevlə danışıqlara başlayıb.
Sportline.az xəbər verir ki, bu haqda rusiyalı jurnalist İvan Karpov özünün Teleqram kanalında məlumat yayıb. O iddia edib ki, 37 yaşlı mütəxəssis oktyabrın 23-də Bakıya səfər edərək klub rəhbərliyi ilə görüşüb. Danışıqlardan sonra Musayev yekun qərar vermək üçün 3 gün vaxt götürüb.
Jurnalistin yazdığına görə, əgər razılıq əldə olunsa, Musayevlə 1-1 illik müqavilə imzalanacaq. Müqavilənin maddi dəyəri və əlavə şərtləri haqda açıqlama verilməyib.
“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Qol.az-a açıqlamasında M.Musayevlə danışıqlar apardıqlarını təsdiqləyib. O, gənc məşqçinin hazırda Bakıda olduğunu söyləyib. Bununla belə o qeyd edib ki, M.Musayev hazırda baş məşqçi vəzifəsinə ən real namizəd saymaq olmaz: “Hazırda danışıqlar davam edir. Yekunları ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, M.Musayev 2018-20-ci ilərdə “Krasnodar”ın böyük məşqçisi, 2020-21-ci ildə isə baş məşqçisi olub.