Müstəqillik tariximizdə ilk
Şpaqaçımız Ruslan Həsənov Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclər arasında dünya birinciliyində bürünc medal qazanıb.
Sportline.az Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, qrup mərhələsində keçirdiyi altı görüşü qələbə ilə başa vuran Ruslan Həsənov mütləq nəticə ilə pley-offa yüksəlib. O, 1/64 final məhələsində yunanıstanlı Dimitrios Markisə 15:6 hesabı ilə qalib gəlib. İdmançımız növbəti mərhələdə rumıniyalı Adam Maskanı (15:10), onaltıdabir finalda Hollandiya təmsilçisi Rendi Postmanı mübarizədən kənarlaşdırıb (15:8). R.Həsənov səkkizdəbir finalda israilli Stanislav Qalperə (15:13), dörddəbir finalda macarıstanlı David Naqiyə (15:11) qalib gəlib. Bu qələbə sayəsində dünya birinciliyinin yarımfinalına yüksələn Ruslan Həsənov Azərbaycanın müstəqillik tariximizdə ilk dəfə gənclər arasında dünya birinciliyində mükafatçılar sırasında yer almağı bacarıb. Şpaqaçımız yarımfinalda fransalı Artur Filippə 7:15 hesabı ilə uduzub.
Digər şpaqaçılarımızdan qrupda keçirdiyi 6 görüşün 4-də qələbə qazanan Xalid Əliyev pley-offda çinli Xuedonq Vanqa 10:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 6 görüşdən 2-də qalib gələn Barat Quliyev isə pley-offda Küveyt idmançısı Əli Əlfadhliyə 13:15 hesabı ilə uduzub. Murad Əliyev isə yeniyetmə sablyaçıların yarışında qrup mərhəsində keçirdiyi 6 görüşdən 1-də qələbə qazandığı üçün çıxışını erkən başa vurub.