Naxçıvanda kikboks üzrə döyüş gecəsi keçirilib
İlham Əliyev adına Olimpiya İdman Kompleksində üzrə uşaq, yeniyetmə və gənclər arasında kikboks üzrə "Levent Bulut Fight Night – Nakhchivan" turniri keçirilib.
Sportline.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq (AKF) Federasiyası və "Ləvənt Bulut – Naxçıvan" döyüş klubunun birgə təşkilatçılığı ilə reallaşan yarışda Türkiyə və Azərbaycandan 12 klubu təmsil edən 120 idmançı qalib adı uğrunda mübarizə aparıb.
Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov çıxış edərək yarışın əhəmiyyətindən danışıb.
O, belə tədbirlərin idmanın inkişafı, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən vətənpərvər və sağlam gənclik formalaşdırılması baxımından xüsusi rola malik olduğunu vurğulayıb. Gənclər və İdman Nazirliyinin faydalı təşəbbüşləri daim dəstəklədiyini diqqətə çatdıran Məcid Seyidov sonda bütün idmançılara uğurlar arzulayıb.
Yarışın Təşkilat Komitəsinin sədri Etibar Qəribov turnirin uzun müddət yaddaşlarda qalacağına və idmançıların burada böyük təcrübə əldə edəcəyinə ümidvar olduğunu bildirib, dəstəyə görə minnətdarlıq edib.
Öz əzmkarlığı və texnikası ilə izləyənlərə həyəcanlı və maraqlı anlar yaşadan idmançıların mübarizəsində Aylin Hüseynzadə, Ravil Əlməmmədov, Uğur Əliyev, Əsgər Heydərov, Umut Cemal Çoban və Əli Hüseynov kəmər döyüşlərində, Əbülfəz Cəfərov, Məhəmməd Hüseynov, Gülay Hüseynova, Zenfira Məmmədova və Oğuz Məmmədli rəqiblərini məğlub ediblər.
Döyüş gecəsi çərçivəsində müxtəlif yaş və çəki kateqoriyaları üzrə ümumilikdə 60 görüş keçirilib. Görüşlərin sonunda hər bir idmançı mükafatlandırılıb. İdmançılara kubok, diplom və kəmər təqdim olunub.
Qeyd edək edək ki, AKF Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev yarışın baş hakimliyini edib, eyni zamanda federasiyanın nümayəndəsi kimi yarışın təşkilati işlərində əməyi olanlara, fəal məşqçi və həkimlərə AKF-nin fəxri fərmanlarını təqdim edib.