Nəzirəxanım Fərədova: "Su İdmanı Sarayındakı gimnastika zalı Bakıda ən yaxşı şəraiti olan zallardan biridir"
Su İdmanı Sarayının gimnastika üzrə məşqçisi Nəzirəxanım Fərədovanın müsahibəsini təqdim edirik.
Komandanız bu yaxınlarda Naxçıvanda turnirə qatıldı. Yarış necə keçdi? Təəssüratlar və nəticələr barədə məlumat verə bilərsiniz?
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarışa qatıldıq. Bu yarışda 12 gimnastımız iştirak etdi. Azərbaycanla yanaşı Qazaxıstan idmançıları var idi. 300-ə yaxın gimnast bacarığını göstərdi. Su İdmanı Sarayının komandası alətsiz, həmçinin top, gürzlər, lent və halqa ilə hərəkətlərdə 16 qızıl, 4 gümüş, 2 bürünc medal qazandı. 6-10 yaş arası idmançılarımız uğurlu nəticə qazandılar. Bu ayın 6-dan 9-a kimi Moldovanın Kişinyov şəhərində beynəlxalq turnir keçiriləcək. 10 gimnastla təmsil olunacağıq. Ən kiçik gimnastımızın 5 yaşı var. Ən böyüyü isə 10 yaşındadır. Ölkəmizi layiqincə təmsil edəcəyik.
Gimnastikanın idmanın başlanğıcı olması fikri ilə bağlı düşüncələriniz necədir?
Hər bir idman növü gimnastikadan başlanır. Azərbaycan Gimnastika Federasiyasının da şüarı “idman gimnastikadan başlayır”dı. Ona görə də bütün valideynlərə məsləhətimiz budur ki, övladlarını hər hansı idman növünə yönəltmək istəsələr də, baza olaraq gimnastikadan başlamalıdırlar. Qəbul isə Su İdman Sarayında 3 yaşından olsa da, 4, 5, 6 yaşlar məsləhətdir. Həm əqli, həm də fiziki cəhətdən.
Ümumiyyətlə, Su İdmanı Sarayında gimnastika üzrə məşqlər necədir? Buradakı fəaliyyət dövrünüzü necə dəyərləndirirsiniz?
Su İdmanı Sarayında 3 ildən çoxdur ki, fəaliyyət göstəririk. Bildiyimiz kimi burada müxtəlif idman növləri üzrə məşqlər keçirilir. Bura əslində daha çox su idman növləri üçün nəzərdə tutulub. Buna baxmayaraq buradakı gimnastika zalı Bakıda ən yaxşı şəraiti olan zallardan biridir. Fəaliyyət dövrümüzə gəldikdə isə, yerli yarışlardan əlavə beynəlxalq turnirlərdə də uğurlu nəticələrimiz var. Keçən ilin dekabr ayında Şəkidə Azərbaycan çempionatında iştirak etdik. Orada 5 nəfərdən ibarət qrup hərəkətləri komandamız fəxri kürsüdə yer almışdı. Bu il də Bakı çempionatında Leyla Kərimli Su İdmanı Sarayının tarixində ilk dəfə idi ki, fərdi hərəkətlərdə bürünc medal qazanmışdı. Bundan sonrakı hədəflərimiz də respublika və Bakı çempionatlarında uğurlu nəticə göstərməkdir.
Qarşıdakı hədəfləriniz nələrdir?
Oktyabrın 5-dən 7-dək Bakı çempionatı keçiriləcək. Su İdmanı Sarayı 10 gimnastla təmsil olunacaq. Oradakı nəticələrə uyğun olaraq digər yarışlara hazırlaşmağa başlayacağıq. Bakıdakı turnirin ilk günündə iştirak edib, növbəti gün isə Moldovadakı beynəlxalq yarışa yollanacağıq. Yarışlar üst-üstə düşür. Bu vəziyyət idmançılarımız üçün çətin olsa da, çox məsuliyyətli olacaq.
Həmişə ölkəmizin uğurlu gimnastları olub. Bəs sizin idmançılarınız arasında gələcəyin çempionları yetişə bilirmi?
Mənim fikrimcə, bu, həm uşağın, həm məşqçinin, həm də valideynin birlikdə əməyi, gücü, səbri, təmkini nəticəsində reallaşa bilər. Bu, komanda işidir. Yəni heç bir çempion bu gün deyə bilməz ki, hansısa uğuru tək əldə edib. Hər bir zaldan çempion çıxa bilər. Klubun həkimi, sıravi işçiləri, rəhbərliyi – bütün bunlar qələbənin memarlarıdır.
Paytaxtda və bölgələrdə xeyli gimnastika klubları, idman cəmiyyətləri fəaliyyət göstərir. Ümumiyyətlə, milli komandaya seçim necə aparılır?
Respublika və Bakı çempionatlarında uşaqların çıxışı diqqətlə izlənilir. Onlar seçilir, sınaq məşqlərinə dəvət olunur. Hər bir klubdan ora uşaq cəlb oluna bilər. Baxış müddəti bir neçə ay da ola bilər. Əgər həmin uşaq özünü doğrulda bilirsə, milliyə cəlb olunur.
Hazırda sizin gimnastlarınızdan hansındasa bu perspektivi görürsünüz?
Bəli. Kiçik yaşlarındakı uşaqlarımız perspektivlidir. Amma bir məşqçi olaraq əvvəldən proqnoz vermək qeyri-peşəkarlıq olar. Burada genetika məsələsi də var. Bədən quruluşu da öz rolunu oynayır. Elə uşaqlar var ki, hansısa yaşa qədər Bakı çempionatlarına liderlik edirlər, amma daha sonra zirvədən düşürlər. Fiziki cəhətdən məhdudiyyətlər olur.
Azərbaycanda valideynlərin gimnastikaya yanaşması necədir?
3-4 il bundan əvvəl valideyn uşağı gimanstikaya gətirirdisə, bunu övladının sağlamlığı üçün edirdi. Mənim özümü də valideynlərim gimnastikaya yazdıranda sırf sağlamlıq üçün nəzərdə tutmuşdular. Sütun düz olsun, ayaqlar yaxşı olsun, fiziki cəhətdən inkişaf etsin... Amma son illər gimnastikada əldə edilən uğurlara görə gimnastika ölkədə çox məşhurlaşıb. İndi sırf sağlamlıq üçün yox, 70 faiz hallarda peşəkar idmançı yetişdirmək üçün gətiririlər. Əlbəttə bu, tək valideyn və ya məşqçinin istəyinə bağlı deyil ki, bu uşaqdan mütləq gimnast olamlıdır. Xeyr. Bu uşaq 6-7 yaşında dərk edir ki, ona gimnastika lazımdırmı? Bu qədər əziyyət çəkmək lazımdırmı? Hazırda hər iki valideyndən biri uşağını peşəkar idmançı kimi görmək istəyir. Bunu biz gənclər və idman naziri Fərid Qayıbova da borcluyuq. Nazirlikdən əvvəl Azərbaycan Gimnastika Federasiyasında çox böyük əziyyəti olub. Nazir müavini Mariana Vasileva bədii gimnastika millimizin baş məşqçisi olub. Mariana xanımın gəlişindən sonra bu müsbət dəyişikliklər baş verdi. Marina xanım uşağa 1 neçə dəqiqə baxanda onun xasiyyətini, dözümlülüyünü əvvəldən müəyyən edə bilir. Əslində onun kimi işinin peşəkarı olan biri ilə eyni sahədə olub və illərlə çalışmaq çox qürurvericidir.
Sonda uşaqlarımıza nə məsləhət görürsünüz?
Hər bir gimnasta bu yolda uğur arzu edirəm. Hər şey səbrlə, əziyyətlə qazanılır. İlk yarışda uğursuz nəticələr olan ruhdan düşməsinlər. Sonadək mübarizə aparsınlar. İdman xarakteri olmayan uşaqların bu sahədə qalmaq üçün şansları azdır.
Bakusport.az