"Nur" beynəlxalq yarışa qələbə ilə başladı
Azərbaycan təmsilçisi “Nur” Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışa qələbə ilə başlayıb. Sportline.az -a AHF-dən verilən xəbərə görə, komandamız ilk turda İsveçin “Luqi HK” kollektivini mübarizədən kənarlaşdırıb.
Sentyabrın 17-də Mingəçevirin “Kür Olimpiya Tədris-İdman Mərkəzi”ndə baş tutan ikinci oyun komandamızın üstünlüyü ilə yekunlaşıb. Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan komandamız birinci hissəni beş xal fərqlə öndə bitirib: 15:10. İkinci hissə daha gərgin mübarizə ilə yadda qalıb. Hər iki komandanın maraqlı və qarşılıqlı hücumları şəaitində keçən oyunda iki hissənin nəticəsinə görə 29:27 hesabı ilə Azərbaycan həndbolçuları qalib gəliblər.
Xatırladaq ki, sentyabrın 16-da keçirilən ilk oyunda komandalar 24:24 hesablı bərabərliklə kifayətlənməli olmuşdular. İki oyunun ümumi nəticəsinə görə isə Mingəçevir təmsilçiləri 53:51 hesabı ilə güclü rəqiblərini məğlub ediblər.
“Nur” klubunun hər iki oyununu canlı izləyən Azərbaycan Həndbol Federasiyasının (AHF) prezidenti, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov qarşılaşmadan sonra məşqçilər və komanda üzvləri ilə görüşüb. İnamlı qələbə münasibətilə həndbolçuları təbrik edən S.Məmmədov bildirib ki, “Nur” kollektivinin daha təcrübəli rəqiblə qarşılaşması komandanın inkişafına səbəb olacaq. Görüş zamanı, həmçinin əldə olunmuş bütün nailiyyətlərin prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olduğu vurğulanıb.
Federasiya prezidenti qısa müddət ərzində formalaşan komandanın oyunundan razı qaldığını ifadə edərək onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, "Nur" növbəti mərhələdə Danimarkanın "Viborq" klubu ilə qarşılaşacaq.