Olimpiya növləri üzrə Azərbaycan çempionatı başlayıb
Beynəlxalq Velosipedçilər İttifaqının milli çempionatlar haqqında reqlamentinə uyğun olaraq, Azərbaycan Velosiped İdmanı Federasiyası Olimpiya növləri üzrə müxtəlif yaş qrupları arasında ölkə çempionatına start verib. Bu gün gənc velosipedçilər 24 km məsafəyə fərdi ötüşmə yarışında mübarizə aparıblar.
Məsafəni hamıdan tez qət edən "Lokomotiv" klubunun üzvü Kərim Şirəliyev 35 dəqiqə, 38 saniyə göstərici ilə 1-ci yeri tutub. Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Bakir Dadaşov çempiona 23 saniyə uduzmaqla 2-ci olub. İlk 3-lüyü isə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçisi Mikayıl Səfərli tamamlayıb - 36 dəqiqə, 26 saniyə.
Sabah gənc velosipedçilər Xızıda 132 km məsafəyə qrup ötüşməsində nəyə qadir olduqlarını göstərəcəklər. Qeyd edək ki, Olimpiya növləri üzrə Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən tərtib olunan idmançıların reytinq siyahısında öz əksini tapır.
Gənclər arasında fərdi ötüşmə üzrə Azərbaycan çempionatı
24 km
1. Kərim Şirəliyev (Lokomotiv) - 00:35:38
2. Bakir Dadaşov (OEQİUGVM) - 00:36:01
3. Mikayıl Səfərli (8OEQİUGM) - 00:36:26