Olqa İsmayılova: "Olimpiadaya vəsiqə qazanmışamsa, qalib də gələ bilərəm"

Azərbaycanı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında trek velosipedinin sprint və keyrin növlərində təmsil edəcək Olqa İsmayılova jurnalistlərin suallarını cavablandırıb:

Əvvəlcə, Olimpiya Oyunlarına lisenziyanı necə qazanmağınızdan danışardınız...

- Avropa və Dünya çempionatı, eləcə də, Dünya Kubokunda çıxış etməklə lisenziya xalları əldə etmək mümkündür. Mən də bu yarışlarda çıxış etdim. Uğurlu nəticələrlə lisenziya qazanmağa kifayət edəcək qədər xal topladım. Bu il Azərbaycanı Olimpiya Oyunları kimi mötəbər yarışda təmsil edəcəyəm.

Azərbaycan ilk dəfədir bu növdə Olimpiyada vəsiqə qazanır. Sevinirəm ki, buna mən nail oldum. Belə mötəbər yarışda iştirak etmək, həm xoşdur, həm də böyük məsuliyyət. Uğurlu nəticə ilə azərbaycanlı idmansevərlərin ümidlərini doğrultmağa çalışacağam.

Olimpiya Oyunlarına necə hazırlaşırsınız? Planda hansısa yarışlar var?

- Artıq hazırlıq prosesi yekunlaşmaq üzrədir. Bir neçə yarışda iştirak etməyi düşünürəm. Bu, Olimpiadaya tam hazır olmaq üçün vacibdir. Polşada beynəlxalq turnirdə qüvvəmi sınayacağam. Daha sonra Portuqaliyada təlim-məşq keçməyi planlaşdırıram.

Dünya və Avropa çempionu kimi, yəqin ki, əsas hədəf, Olimpiadanın qalibi olmaqdır?

- Uğurun təməlində yaxşı hazırlıq dayanır. Artıq ikinci dəfədir, Olimpiadada çıxış edəcəm. Ötən Yay Olimpiya Oyunlarında Belarusu təmsil etmişdim. Ancaq həmin vaxt maaliyyə probleminə görə yaxşı hazırlıq prosesi keçə bilməmişdim. Ümid edirəm, ikinci şansda uğur qazanacağam.

- Yəqin ki, rəqibləriniz haqda da məlumatlar toplamısınız. Sizcə, qələbəyə gedən yolunuzu kimlər kəsə bilər?

- Həmişə olduğu kimi, Almaniya, İngiltərə, Avstraliya, Rusiya kimi ölkələr favoritdir.  Bu siyahıya bir neçə ölkənin də adını əlavə edə bilərəm. Mübarizə çətin keçəcək. Qələbə asan başa gəlmir. Çünki əksər idmançılar Olimpiadaya ideal formada qatılır.

Ancaq özümü də qələbəyə layiq görürəm. Olimpiadaya vəsiqə qazanmışamsa, qalib də gələ bilərəm. Təbii ki, gərək daim üzərimdə işləyim, məşqlər edim. Ən vacibi  isə tez-tez yarışlarda iştirak etməkdir.

Vüsal Məmmədzadə
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir