Orxan Abbasov: "Həndbol üzrə Avropa çempionatının Azərbaycanda təşkili müzakirə olunub"
07-08 iyun 2022-ci il tarixlərində Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının baş ofisində federasiyanın prezidenti Michael Viederer və baş katib Martin Hausleitner ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri, Azərbaycan Həndbol Federasiyanın prezidenti cənab Saleh Məmmədov, federasiyanın I vitse-prezidenti Orxan Abbasov və federasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişinın iştirakı ilə görüş keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının 1-ci vitse-prezidenti Orxan Abbasov həmin görüşlə bağlı sualları cavablandırıb:
- Orxan müəllim, Avropa Həndbol Federasiyasının baş ofisində keçirilən görüşdə hansı məsələlər müzakirə olundu?
Vyanadakı görüşdə Azərbaycanda həndbolun inkişaf istiqamətləri, qarşılıqlı əməkdaşlıq, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi, uşaq həndbolunun inkişaf etdirilməsi, gənc hakimlərin yetişdirilməsi, məşqçilərin beynəlxalq seminarlarda iştirakı, Avropa Həndbol Federasiyasında fəaliyyət göstərən komissiyalarda təmsilçilik və s. məsələlər müzakirə olundu. Görüş zamanı Azərbaycanda həndbolun tarixi, əldə olunmuş nəticələr, klubların beynəlxalq yarışlarda iştirakı və hal-hazırda mövcud vəziyyət haqqında video-rolik də, iştirakçıların diqqətinə çatdırıldı.
- Səfərin iki günü əhatə etdiyini, geniş və hərtərəfli müzakirələr aparıldığını nəzərə alsaq, yəqin ki, sadaladığınız mövzularla yanaşı digər məsələlər də gündəmə gətirilib.
Tamamilə razıyam. AHF rəhbərliyi ilə səmərəli görüş zamanı Azərbaycan həndboluna fayda verə biləcək bir sıra məsələlər müzakirə mövzusu oldu. Avropa Həndbol Federasiyasının proyekt rəhbərləri Kuderman, Simion və Rouland ilə keçirilən müzakirələr zamanı ölkəmizdə və regionlarda uşaq həndbolunun inkişaf etdirilməsi üçün müxtəlif layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıldı. Gənc hakimlərin seminarlarda iştirakı məsələləri Avropa Həndbol Federasiyasının hakimlər üzrə rəsmisi Corc Bebestos, klubların Avropa kuboklarında iştirakı haqqında Avropa Həndbol Federasiyasının klublar üzrə rəsmisi İnes Rayn ilə geniş şəkildə müzakirə olundu. Avropa Həndbol Federasiyasının rəsmisi Biata Kozlovski ilə məşqçilərin lisenziya alması və seminarlarda iştirakı haqqında söhbətlər aparıldı.
- Azərbaycan dünyanın idman mərkəzlərindən biridir. Ölkəmiz bunu mötəbər yarışların yüksək səviyyəli təşkilatçılığı ilə təsdiqləyib, beynəlxalq idman qurumlarının böyük etimadını qazanıb. Vyanadakı görüşdə həndbol üzrə beynəlxalq yarışların Azərbaycanda keçirilməsi məsələsinə də toxunuldu?
Bəli, bu məsələ də Vyanadakı görüşün əsas mövzularından biri idi. Görüşlərin nəticəsi olaraq qərara alındı ki, növbəti illərdə gənclərdən ibarət komandaların Avropa çempionatında iştirak etməsi və Avropa çempionatının ölkəmizdə təşkili məsələlərinin müzakirə olunması davam etdirilsin. Ümid edirəm ki, bu müzakirələrin səmərəli nəticəsi kimi, yaxın gələcəkdə ölkəmiz həndbol üzrə mötəbər yarışlara da ev sahibliyi edəcək.