Yelena Pavluxina: "Finişədək heç nə demək mümkün deyil"
Azərbaycanı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında şosse velosipedinin qrup yarışında təmsil edəcək Yelena Pavluxina jurnalistlərin suallarını cavablandırıb:
- Əvvəlcə Olimpiadaya gedən yoldan danışmağınızı istərdik.
- Ötən il mayın 31-dən başlanan və bir il davam edən lisenziya yarışlarında iştirak etdim. Bu turnirlərdə qazanılan hər bir xalın əhəmiyyəti var idi. Buna görə, çalışırdım, daha çox xal toplayam. Çıxışım uğurlu alındı. Artıq bu ilin aprel ayında lisenziyanı, demək olar ki, təmin etmişdim. Çexiyadakı turnirdə qazandığım qələbə həlledici oldu. Çində isə xal ehtiyatımı bir qədər də artırdım.
- Lisenziya qazanacağınıza inanırdız?
- Əlbəttə, inanırdım. Çox çalışmışdım və əmin idim ki, uğurlu çıxışla istəyimə nail ola bilərəm. Velosiped idmanı elədir ki, burada proqnoz vermək çətindir. Bəzən, işlər plan üzrə getmir. Yaxşı ki, məndə belə hadisələr olmadı və nəticədə arzuma çatdım.
- Olimpiya Oyunlarında hansı nəticəyə ümid edirsiniz?
- Dediyim kimi, proqnoz vermək çətindir. Olimpiya Oyunlarında da finişədək heç nə demək mümkün deyil. Təbii ki, məni yalnız qələbə qəne edəcək. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm. Hər şey hazırlıqdan asılıdır. Olimpiadada iştirak böyük uğurdur. Ancaq qələbə, daha böyük sevincdir.
- Rio-de-Janeyroda şosse velosipedi üçün təyin olunan marşrutla tanış olmusuz?
- Bəli, artıq müəyyən məlumatlar toplamağa vaxtım olub. Marşrutun uzunluğu 140 km-dir. Marşruta iki yoxuş və təxminən, 2 km qəmbərlik yol da daxildir ki, bu da iştirakçılar üçün müəyyən çətinliklər yaradacaq.
- Hazırlığın növbəti mərhələsi üçün nələri nəzərdə tutmusunuz?
- Qarşıda bir neçə yarış var. Qadın velosipedçilər arasında təşkil olunaca "Giro d'İtalia"nı xüsusi qeyd etmək istərdim. Bu, çox prestijli yarış olacaq. Hazırlığın əsas hissəsini Sloveniyada keçəcəyəm. Burada da bir neçə yarışda iştirak etməyi planlaşdırıram.
- Yeri gəlmişkən, “Lyublyana” komandasına keçidiniz haqda nə deyə bilərsiniz?
- Təxminən bir il əvvəl "Lyublyana"ya keçdim. İlk vaxtlarda belə böyük uğurlar qazanacağıma inanmırdım. Ancaq elə oldu ki, komandanın liderinə çevrildim. Mənim belə çıxışım, təkcə məni yox, sloveniyalı idmansevərləri də, yaxşı mənada, təəccübləndirdi. İndi mənə inam daha böyükdür və təbii ki, qarşıya qoyulan tələblər də böyükdür.
- Azərbaycanda qadınlar arasında bu idman növü elə də populyar deyil. Sizin uğurlu çıxışınız bu idman növünün məşhurlaşmasına necə xidmət edə bilər?
- Təbii ki, Azərbaycanı təmsil edən qadın velosipedçinin uğurlu çıxışı həmcinslərimdə veloidmana həvəs oyada bilər. Ümid edirəm, ölkədə, bu idman növü ilə məşğul olan qadınların sayı artacaq və qadınlardan ibarət yeni komandalar yaranacaq.
- Bu, sizin Azərbaycan mətbuatına ilk müsahibənizdir. Özünüz haqda məlumat bizim üçün maraqlı olardı.
Ukraynanın Qorlovka şəhərində anadan olmuşam. 10 yaşımdan velosiped idmanı ilə peşəkar səviyyədə məşğulam. Demək olar ki, bütün həyatımı veloidmana bağlamışam.
Karyeramın əvvəlində dağ velosipedi ilə məşğul olurdum. Ancaq sonradan şosse velosipedinə keçdim və bu növün mənə daha uyğun olduğunu gördüm. 2013-cü ildə qızım dünyaya gəldi. Analıq məzuniyyətindən qayıtdıqdan sonra Azərbaycanda çıxış etməyə başladım.
Vüsal Məmmədzadə
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir