Prezident idman nazirinə töhmət verdi
Belarus Prezidenti Aleksandr Lukaşenko idman və turizm naziri Sergey Kovalçuka töhmət verib. O, futbol üzrə seçmə komandanın Millətlər Liqasındakı uğursuz çıxışından narazıdır.
Sportline.az xəbər verir ki, Kovalçuk bir neçə həftə əvvəl Lukaşenko ilə söhbətə çağırılıb. Dövlət başçısı millinin uğursuz çıxışları ilə bağlı nazirdən hesabat tələb edib. Kovalçuk isə Belarus Futbol Federasiyası sədrinin birinci müavini Yuri Vergeyçiki günahlandırıb. Nazir federasiya rəsmisinin onu futbolun düzgün istiqamətdə inkişaf etdiyinə və Georgi Kondratyevin milliyə layiqli baş məşqçi olduğuna inandırdığını bildirib. Vergeyçik komandanın yaxşı nəticələr qazanacağına da söz verib.
Qeyd edək ki, Belarus yığması Millətlər Liqasının millimizin də yer aldığı C Divizionunun 3-cü qrupunda mübarizə aparır. Komanda 4 oyundan cəmi 2 xal toplayıb. İlk oyunda Azərbaycan millisi ilə qolsuz heç-heçə edən Belarus Bakıdakı qarşılaşmada uduzub – 0:2. Yığma Slovakiyaya uduzub (0:1), Qazaxıstanla heç-heç (1:1) edib.