Qadın güləşçimiz Avropa çempionatının finalında

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Elis Manolova yarımfinalda Finlandiya təmsilçisi Petra Ollini məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə rumıniyalı Krista İnçe ilə üz-üzə gələcək. 

Yarımfinalda məğlub olan Tatyana Omelçenko (62 kq) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 

Alyona Kolesnik (57 kq) 1/4 finalda məğlub olsa da, rəqibi finala çıxdığı üçün təsəlliverici görüşə çıxacaq. Tatyana Varansova (53 kq) isə 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netreba (68 kq) bu gün bürünc medal uğrunda mübarizə aparacaqlar.