"Qarabağ" da lideri dayandıra bilmədi
Qadın həndbolçuların Azərbaycan çempionatı davam edir.
Sportline.az xəbər verir ki, yarışın 14-cü turu da favoritlərin qələbəsi ilə yekunlaşıb. Amma, çempionluğa iddialı komandalar, növbəti iki xalı fərqli mübarizənin yekununda qazanıblar. “Azəryol” – “İdman Akademiyası” ilə oyunda ciddi müqavimətlə üzləşməyib. Nominal meydança sahibinin tam üstünlüyü ilə keçən görüş 38-23 hesabı ilə başa çatıb.
Çempionatın lideri “Azərsu” ilə “Qarabağ”ın görüşü isə, gözlənildiyindən də gərgin alınıb. Maraqlı mübarizə şəraitində keçən oyunun taleyi son dəqiqələrdə həll olunub. Güclü rəqibə qarşı başabaş oyun nümayiş etdirən “Qarabağ” çox çalışsa da azarkeşlərini sevindirə bilməyib. Son nöqtəni qoymağı bacaran “Azərsu”, 25:24 hesablı qələbə ilə, nahaq yerə baş mükafata əsas namizəd sayılmadığını sübut edib.
Aktivinə 28-ci xalı yazdıran “Azərsu” zirvəni qoruyur. Bir oyun az keçirən “Azəryol” liderdən 4 xal geri qalır. 3-cü yerdə qərarlaşan “Qarabağ”ın 14 xalı var. “İdman Akademiyası” və “Olimpiya” komandaları hərəyə 7 xalla sonrakı pillələri bölüşür. “Gənclər Birliyi” hələ də xal üzünə həsrətdir.