"Qarabağ" Fransada koronavirusa görə problemlə üzləşməyəcək
UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq "Qarabağ" səfər oyununda ciddi problemlə üzləşməyəcək.
Sportline.az xəbər verir ki, klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, heyətdə yalnız bir futbolçu koronavirus əleyhinə peyvəndin hər iki dozasını qəbul etməyib.
Klub rəsmisi həmin oyunçunun adını açıqlamaq istəməsə də, ona ikinci dozanın yaxın zamanda vurulacağını bildirib: "Marsel"lə oyuna kimi vaxtımız var. Bu səbəbdən, problem olmayacaq".
Qeyd edək ki, "L Equipe" nəşri Marseldəki qarşılaşmada "Velodrom" stadionuna yalnız koronavirus əleyhinə peyvəndin hər iki dozasını qəbul etmiş futbolçuların buraxılacağını yazıb. İndiyədək mənfi test nəticəsi alternativ variant kimi qəbul olunurdusa, artıq buna icazə verilməyəcək.
Fransa prezidenti Emmanuel Makron vaksinasiyanın bütün peşəkar idmançılar üçün məcburi olacağını açıqlayıb. Yeni qayda 2022-ci il yanvarın 15-dən tətbiq olunmağa başlayacaq.
"Marsel - "Qarabağ" oyunu fevralın 17-də keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.