"Qarabağ" liderliyi davam etdirir

Qadın həndbolçuların Azərbaycan çempionatında IV turun görüşləri olub.

Sportline.az xəbər verir ki, ABU Arenada keçirilən yarışın növbəti oyun günündə, əvvəlcə “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin mübarizə ilə yadda qalan oyunda, nominal ev sahibinin imkanları yüksək qiymətləndirilirdi. Son ölkə çempionu ona bəslənən etimadı doğruldub. Qapılara 61 qolun vurulduğu qarşılaşma, “Azəryol”un qələbəsi ilə nəticələnib – 33:28.

Günün digər matçında “Qarabağ”ın qələbəsi şübhə doğurmurdu. Keçirdiyi bütün oyunlard məğlub olan “İdman Akademiyası” komandası, növbəti uğursuzluqdan da yaxa qurtara bilməyib. Daha inamlı oyun nümayiş etdirən “Qarabağ” 51:27 hesablı qələbə ilə liderlik mövqeyini möhkəmlədib. Hazırda bu komandanın aktivində 8 xal var. “Azəryol” 6 xalla ikinci, “Azərsu” 2 xalla 3-cüdür. Autsayder “İdman Akademiyası” nın aktivində xal yoxdur.  

Noyabrın 13-də keçiriləcək 5-ci turun oyunlarında “Qarabağ” “Azəryol”la, “Azərsu” isə “İdman Akademiyası” ilə qarşılaşacaq.