"Qarabağ" sabah çempionluğu təmin edə bilər

Sabah Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün çempionu məlum ola bilər. 

Sportline.az xəbər verir ki, “Qarabağ” XXV turun ilk oyun günündə qızıl medalı təmin etməyə çalışacaq.

Konfrans Liqasına iddialı “Sabah”ı qəbul edəcək Qurban Qurbanovun komandasına doğma azarkeşləri önündə çempionluğu rəsmiləşdirmək üçün 1 xal da kifayət edəcək. Qələbə və ya bərabərlik “Qarabağ”ı son 9 mövsümdə 8-ci, ümumilikdə isə 9-cu çempionluğuna qovuşduracaq.

“Qarabağ” heç-heçə etsə və qalan görüşlərdə uduzsa, “Neftçi” isə maksimum nəticə göstərsə, sonda xallar bərabərləşəcək. Belədə şəxsi oyunlara baxılır ki, “Qarabağ” burada da üstündür. Çünki “köhlən atlar” mövsümün ilk üç dövrəsinin hər birində “ağ-qaralar”a qalib gəlib.

“Qarabağ” hətta uduzmaqla da çempion ola bilər. Bunun üçün isə  “Neftçi” bu tur səfərdə “Sumqayıt”a qalib gəlməməlidir.