Qol güləşi üzrə seçmə komandamız növbəti uğura imza atıb
Qol güləşi üzrə seçmə komandamız daha bir mötəbər yarışda etimadı doğruldub. Sportline.az xəbər verir ki, söhbət Macarıstan paytaxtında keçirilən dünya çempionatından gedir. Budapeştdə təşkil olunan yarışda 55 ölkədən 1500 idmançı bacarığını göstərib. Seçmə komandamız Macarıstana 8 qol qol güləşçisi ilə yollanıb ki, onlardan da 5-i dünya çempionatıınım medallarına layiq görülüb. Yeniyetmələrin yarışında İskəndər Mustafayev 1 qızıl, 1 gümüş mükafata sahib çıxıb. Gənc idmançıların mübarizəsində Nemət Vəkilov 1, Ramazan Rüstəmov iki qızıl medal qazanıb. Usta qol güləşçimiz Minabəddin Qurbanov bu dəfə də fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əlil idmançıların yarışında isə Rahib Balakişiyev 1 qızıl, 1 gümüş medalla Vətənə dönüb. Komandanın çıxışını yüksək qiymətləndirən Avropa Armreslinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəzarət Əhmədov, gələcək yarışlarda da uğurlu nəticəyə ümid bəslədiyini vurğulayıb.
Bir daha qeyd edək ki, seçmə komandamız sayca 39-cu dünya çempionatından Vətənə 6 qızıl, iki gümüş medalla qayıdıb.



