Qurban Qurbanov: “Belə hesabla uduzmaq istəməzdik”
"Qarabağ" futbolçuları "Nyukasl"la matçda buraxılan qollardan sonra özlərini ələ ala bilməyiblər.
Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis böyük hesabla məğlub olduqları qaşrılaşmanı şərh edib:
"Əfsuslar olsun ki, bu cür hesabla məğlub olduq. Belə hesabla uduzmaq istəməzdik. Futbolçularım ilk qollardan sonra böyük "zərbə" aldılar. Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər. Rəqib çox sürətli oynayan bir komandadır. Hazırlıqları da yüksək səviyyədə idi. Azarkeşlərimizə təşəkkür edirik ki, sona qədər komandamızın yanında oldular. Gözəl olan o idi ki, fevral ayına qədər Çempionlar Liqası matçları Azərbaycanda keçirildi. Dediyim kimi, bu cür uduzmaq istəməzdik".
O, fasilədə komandanı sakitləşdirməyə çalışdığını söyləyib:
"Fasilədə futbolçuları sakitləşdirməyə çalışdım. Bildirdim ki, nə olur-olsun, oyundan qopmamalıyıq. İkinci yarıda Bədavi Hüseynovu meydana buraxmağımızın məqsədi müdafiə xəttini gücləndirmək idi".
Q.Qurbanov oyunun ilk hissəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalan Bəhlul Mustafazadənin durumuna da aydınlıq gətirib:
"Bəhlul matç zamanı əzələsini dartdı. Onun zədəsinin nə dərəcədə ciddi olub-olmadığını sabah biləcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.