Qurban Qurbanov: "Cənab Prezident bizə çox böyük dəyər verdi"
"Həm özümün, həm də komandanın adından cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Əvvəllər də olduğu kimi həqiqətən bizə çox böyük dəyər verdi".
Sportline.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klub üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis bildirib ki, bu görüşlərdən sonra komandada inam daha da çoxalır: "Bu, bir daha ölkə başçısının futbola olan sevgisini göstərir. Bu gün bir daha bunun şahidi olduq".
Onun sözlərinə görə, İlham Əliyev "Qarabağ"ın İsveçrə "Bazel"i ilə UEFA Konfrans Liqasının qrup oyununda Abdullah Zubirin vurduğu qolun qeydə alınmaması ilə bağlı fikrini bildirib: "Demək olar ki. hər incəlikləri bilir. Hər zaman öz xalqı, idmançıları ilə maraqlanır. Çox dəyərli görüş oldu. Hamı görüşdən razı çıxdı. Öz işimizdə daha da məsuliyyətli olmalıyıq".