Rafael Nadal karyerasını bitirir

Dünya tennisinin əfsanəsi, "Böyük dəbilqə" turnirlərinin 22 qat qalibi Rafael Nadal karyerasını bitirir. 

Sportline.az xəbər verir ki, ispaniyalı superulduz Devis Kubokunun final mərhələsindən sonra bunu rəsmiləşdirəcək. 

"Peşəkar tennislə vidalaşıram. Bu reallıqla artıq barışmaq vaxtıdır. Son illər, xüsusilə axırıncı iki il çox çətin alındı. Bu qərarı qəbul etmək üçün mənə xeyli vaxt lazım oldu. Çətin olsa da, bunu qəbul etməliyəm. Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Düşünürəm ki, karyeramı bitirmək üçün əsl vaxtdır. Karyeram isə, mən düşündüyümdən də uğurlu alındı", - deyə Rafael Nadal sosial şəbəkə hesablarından pərəstişkarlarına vida sözlərini ünvanlayıb.

Qeyd edək ki, Devis Kubokunun final mərhələsi 19-24 noyabr tarixlərində İspaniyanın Malaqa şəhərində keçiriləcək.