Ramil Şeydayev: "Bura babamın, atamın vətənidir"
Azərbaycan yığmasında oynamağı özüm seçdim. Çünki bura babamın, atamın vətənidir". Bunu Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev deyib.
"Zenit"in yetirməsi olan və Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edən 20 yaşlı hücumçu əsas milli komanda seçimi edərkən Azərbaycan üstünlük verməsini belə izah edib: "Azərbaycan millisi ilə böyük uğurlar əldə etmək istəyirəm. Seçimimə peşman deyiləm. Komandamızın potensialına inanıram. Baş məşqçimiz Robert Prosineçkiyə mənə etimad göstərib milliyə dəvət etdiyi üçün təşəkkür edirəm. Bilirəm, Azərbaycanda mənə olan ümidlər böyükdür. Azərbaycan yığmasından gələn təklifi valideynlərimlə birgə dəyərləndirdik və onlar bunu müsbət qiymətləndirdilər. Əlbəttə, valideynlərim bu seçimimə görə şad oldular".
Qeyd edək ki, müqavilə üzrə Türkiyə "Trabzonspor"una məxsus Ramil Şeydayev cari mövsümdən icarə əsasında "Qarabağ"da çıxış edəcək.