Ramil Şeydayevə stadiondan çıxmağa mane olublar

San-Marino ilə oyundan sonra evə yollanmaq istəyən Ramil Şeydayev problemlə üzləşib. Sportline.az xəbər verir ki, azarkeşlər milli komandanın hücumçusunun arenanın ərazisini tərk etməsinə mane olublar. Bu haqda jurnalist Kənan Məstəliyev sosial şəbəkədə məlumat verib:

Stadionun çölündə Ramil Şeydayevi balaca xuliqanlar - bunlar əsl xuliqanlar idilər - forma, paltar almaq üçün az qala zədələyəcəkdilər. Çox biabırçı vəziyyət idi. Əməlli-başlı belinə çıxırdılar. Tapdalmağa belə hazır idilər, buna cəhd belə etdilər. İlk dəfə idi belə şeylə qarşılaşırdım. Hiss elədim ki, şokdadı, nə edəcəyini bilmir. Yaxınlaşıb kömək təklif etdim, "narahat olmayın, dayım burdadı" dedi. Hiss olunurdu ki, o da nə edəcəyini bilmir. Hər keçən saniyə durum daha da pisləşdiyindən jurnalistlər məsələyə müdaxilə etdik. Hacı Mərdan maşını yaxın sürdü, zor-bəla başa saldıq ki, qorxma, otur aparaq. Şokda olduğundan razılaşmırdı, Ramil. Birtəhər oturtduq. Sağ olsun, Hacı Mərdan dayısını ayrıca aparıb "Neftçilər"ə, sonra Ramili "Xətai"də düşürtdü. Orda onu atası gözləyirdi. Çox qəribədi: atası onu niyə stadionda yox, xeyli uzaqdakı metroda gözləyirdi? Dayısının Ramili mənzil başına çatdırmaq planı nə idi? Çünki anladığım qədərilə adamın heç taksilik pulu da yox idi... Belə durumlarda futbolçunun meneceri yükü öz üzərinə götürməlidi. Ancaq bu, ayrı söhbətin mövzüsudu. Bir sözlə, başlı-başına buraxılan gənc futbolçunun aqibəti yaxşı olmaya bilərdi. Ailəsi də, dost-tanışları da bu hadisədən ibrət götürməlidilər. Ramil hələ qəribdi burda, ona kömək, dəstək lazımdı