Sənan Qurbanov: "Problem "Qarabağ"ın futbolçularının əksəriyyətinin millilərdə olması və zədəlilərdir"
"Problem "Qarabağ"ın futbolçularının əksəriyyətinin millilərdə olması və zədəlilərdir".
Bunu Sportline.az saytına açıqlamasında təcrübəli mütəxəssis, "Qəbələ" və "Keşlə" klublarının sabiq baş məşqçisi Sənan Qurbanov "Qarabağ" - "Qalatasaray" matçı barədə danışarkən deyib.
O, bu cür oyunun keçirilməsini yüksək qiymətləndirib: "Bu oyundan gəlir Türkiyədəki zəlzələdə əziyyət çəkən insanlar üçün nəzərdə tutulub. Həm "Qalatasaray", həm "Qarabağ" çox sevilən klublardır. Hər iki komandanın böyük azarkeş qrupları var. "Qalatsaray"ın da böyük fanat ordusu var ki, onlar da sevimli futbolçularını Bakıda yaxından görə biləcəklər. Bilirik ki, "Qarabağ" artıq komandalarımıza oyunçu çatışmazlığı ilə bağlı müraciət edib. Bu, bizi üzən məqamdır. İstəyərdik ki, yoldaşlıq oyunu olsa belə, "Qarabağ" gücünü tam göstərə bilsin. Digər komandaların futbolçularının gəlməsi də şübhə yaradır ki, görəsən, necə çıxış edəcəklər?! Amma istənilən halda yardım xarakterli oyundur. İstərdim ki, həm "Qalatasaray", həm də "Qarabağ" yaxşı mübarizə göstərsin ki, azarkeşlər oyundan həzz ala bilsinlər".