"Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşdi

Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen sona bir tur qalmış çempionluğu təmin edib. O, VIII turda rusiyalı şahmatçı Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakinin aktivində isə 4,5 xal var. Maqnus Karlsen daha öncə 2014, 2015 və 2018-ci illərdə bu turnirin qalibi olub.

Digər görüşlərdə isə şahmatçılarımızdan Teymur Rəcəbov hindistanlı Vişvanatan Anandla, Şəhriyar Məmmədyarov isə hollandiyalı Aniş Giri ilə xalları yarı bölüb.

"ShamkirChess 2019" 
8 aprel
VIII tur 

Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç) - 0:1 

Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin) - 0,5:0,5 

Aleksandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) - 1:0 

Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Qeyd edək ki, 8 turdan sonra 6 xala malik Maqnus Karlsen ən yaxın izləyiciləri Aleksandr Qrişukla Sergey Karyakini 1,5 xal geridə qoyur. Vişvanatan Anand, Veselin Topalov, Dinq Liren və Teymur Rəcəbov 4 xalla 4 - 7-ci yerlərdədir. David Navara 3,5 xalla 8-ci, Şəhriyar Məmmədyarov 3 xalla 9-cu, Aniş Giri isə 2,5 xalla 10-cu sıradadır. Turnir sabah yekunlaşacaq.