Şəhriyar Məmmədyarov bir gündə 3 qələbə qazandı
Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatı başlayıb.
SportLine.az xəbər verir ki, Azərbaycanı kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov təmsil edir.
İlk gündə 5 tur təşkil olunub. Ş.Məmmədyarov ukraynalı Eldar Həsənov, misirli Amin Bassem və rusiyalı Aleksandr Morozeviçə qalib gəlsə də, ermənistanlı Tiqran Petrosyan və ukraynalı Anton Korobovla heç-heçə edib. Bu nəticələrdən sonra Məmmədyarov 4 xalla 4 - 18-ci yerləri bölüşür.
Q.Hüseynov 3,5 xalla 19 - 45-ci, R.Məmmədov 3 xalla 46 - 89-cu pillələrdə qərarlaşıb.
Qadınların yarışında isə Gülnar Məmmədova, Günay Məmmədzadə, Zeynəb və Türkan Məmmədyarova Azərbaycan adından çıxış edir.
İlk gündə 4 tur oynanılıb. Ən yüksək nəticəni 2 qələbə, 2 heç-heçə edən G.Məmmədova göstərib. O, ilk yarış günündən sonra 3 xalla 8 - 29-cu pillələri bölüşür. G.Məmmədzadə 2,5 xalla 30 - 52-ci, Məmmədyarova bacıları 2 xalla 53 - 76-cı pillələrə şərikdirlər.
Qeyd edək ki, rapid növündən mübarizəyə dekabrın 28-də yekun vurulacaq. Kişilər 15, qadınlar 12 tur yarışacaqlar.