Şəhriyar Məmmədyarov gerilədi - REYTİNQ
Beynəlxalq Şahmat Federasiyası (FİDE) qrossmeysterlərin yeni reytinq siyahısını açıqlayıb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, ilk 100-lükdə Azərbaycan 4 zəka sahibi ilə təmsil olunub.
Ən yaxşı göstərici Şəhriyar Məmmədyarovun aktivindədir. Bir pillə geriləyən şahmatçımız 2800 xalla 6-cıdır.
Azərbaycan seçməsinin digər üzvlərindən Teymur Rəcəbov 32-ci (2724), Arkadi Naydiç 38-ci (2712), Rauf Məmmədov 63-ci (2680) yerdə qərarlaşıb. Teymur 4, Arkadi 1, Rauf 5 pillə aşağı yuvarlanıbsa, ötən ay 97-ci olan Eltac Səfərli Top-100-ü tərk edib.
Siyahının zirvəsində Maqnus Karlsen (Norveç, 2822) qərarlaşıb.
Qadınların cədvəlində ən güclülər arasında Günay Məmmədzadə yer alıb. O, 2393 xalla 73-cüdü. Bu siyahıya isə yenə çinli Hou Yifan (2666) başçılıq edir.