Şəhriyar Məmmədyarov gümüş medal qazandı
Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatı yekunlaşıb. SportLine.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov gümüş mükafata sahib çıxıb.
Qrossmeysterimiz uğuru rapid növündə qazanıb. O, son gündə 3 qələbə və 2 heç-heçəyə imza atım. Yekunda xallarının sayını 10,5-ə çatdıran Ş.Məmmədyarov rusiyalı Daniel Dubovdan 0,5 xal geri qalıb. Təmsilçimizlə eyni xalı toplayan ABŞ şahmatçısı Hikaru Nakamura isə bürünc mükafatın sahibi olub.
Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci olub.
Qadınların mübarizəsində isə Gülnar Məmmədova 7,5 xalla 18-ci, Günay Məmmədzadə 7 xalla 39-cu yeri tutub. Hərəyə 5,5 xal yığan bacılardan Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olub.
Çinli Tsyuy Ventszyun 10 xalla dünya çempionu adını qazanıb. İranlı Sarasadat Xademəlşəriyə 9 xalla gümüş, eyni xala malik rusiyalı Aleksandra Qoryaçkina bürünc medal əldə edib.
Qeyd edək ki, dünya şahmat tacının norveçli sahibi Maqnus Karlsen rapid növündə 5-ci yerlə kifayətlənib.