"Şəmkirdəki futboldan həzz aldım" - Maqnus Karlsen
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində VI tura yekun vurulub. SportLine.az xəbər verir ki, hesabat turunda dünya çempionu Maqnus Karlsen Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb.
Oyundan sonra Maqnus Karlsen mətbuat konfransında partiya haqqında bunları danışıb: "Açılışda yenilik etmək istədim. Amma üstünlük əldə olunmadı. Karyakinlə bir-birimizi yaxşı tanıyırıq. Ona görə hər iki tərəf riskdən çəkindi. Belə də heç-heçə qaçılmaz oldu. İstirahət günündən sonra oynamaq asan olmur. Fikrimcə son 3 tur iştirakçılar üçün həlledici olacaq".
Norveç şahmatçısı istirahət günündə keçirilən futbol turniri haqqında fikirlərini bildirib: "Fikrimcə futbol turniri maraqlı alındı. Həyəcanlı anlar yaşadıq. Əcnəbi şahmatçılardan formalaşan "Dünya yığması" çox yaxşı oyun sərgilədi. Sergey Karyakin oynamasa da, köməkçisi Denis Xismatulin bizə çox kömək etdi. Qələbəmizdə onun özünəməxsus rolu var. Futbol oyunundan həzz aldım".
Rusiya təmsilçisi Sergey Karyakin isə hazırda istədiyi oyunu nümayiş etdirə bilmədiyini dedi: "Berlindən sonra yorğunluq özünü göstərir. Amma belə güclü heyətdə çıxış etmək həmişə xoşdur. Əslində son turlarda xalımı artırmaq üçün qələbə barədə düşünürdüm. Lakin oyunlarda üstünlük əldə etmirəm. Bərabər səviyyədə partiyanın heç-heçə başa çatmasını normal sayıram".
Sergey Karyakin istirahət günündə futbol oynamamasını belə izah edib: "Səhər yeniyetmələrə seans verdik. Ardınca Şəmkirdə piyada gəzməklə rahatlıq tapdım. Futbolda iştirak etməməyimin səbəbi Maqnusla oyuna hazırlaşmağımdı. Karlsenlə oyuna ciddi hazırlaşmaq üçün bütün günü demək olar ki, otaqda olmuşam".
ShamkirChess2018 turnirinin mətbuat xidməti