Şərif Şərifov Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
 
Sportline.az xəbər verir ki, mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya idmançısını üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanını da məğlub edən dünya və olimpiya çempionu ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə Avropa çempionatının finalına adlayıb. Həlledici görüşdə polşalı Zbiqniev Baranovski ilə üz-üzə gələn Şərifov 9:1 hesablı qələbə ilə Avropa çempionu olub.

Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev ardıcıl Moldova və Rumıniya idmançılarına asanlıqla qalib gələrək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında ikiqat dünya çempionu olan italiyalı rəqibinə uduzan Hacıyev bürünc medal uğrunda görüşə çıxıb. Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdə məğlub olan Hacıyev debüt etdiyi yarışda 5-ci yerlə kifayətlənib.

Murad Süleymanov isə sırayla Macarıstan, Almaniya və İspaniya seçməsinin üzvlərinə gücünü göstərib və yarımfinala vəsiqə qazanıb. Lakin, gənc güləşçimiz bu mərhələdə rusiyalı həmkarına uduzaraq  bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Son qarşılaşmada da məğlub olan Murad yarışı medalsız bitirib.