Stolüstü tennisçilər Avropa çempionatına yola düşdülər

Yeniyetmə stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə aparacaq.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Sportline.az saytına verilən xəbərə görə, seçmə komanda bu gün yarışın keçiriləcəyi Belqrad şəhərinə yola düşüb. Serbiyanın paytaxtında keçiriləcək mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə etimadı doğrultmağa çalışacaq.

Sabah başlanacaq birincilikdə oğlanlardan ibarət komanda “E” qrupunda Avstriya və Sloveniya seçmələri ilə yarışacaq. Qızlardan ibarət Azərbaycan millisi isə “H” qrupunda İsveç, Yunanıstan və Monteneqro kollektivləri ilə mübarizə aparacaq.

İdmançılar komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər.  Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da, Avropa çempionatında ölkəmizi təmsil edəcəklər. Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.