Taleh Məmmədov: "Prezident dedi ki, təxribatçı ermənini yerinə otuzdurdun"
"Dövlət başçısı bizimlə sağollaşanda mənə dedi ki, böyük səbr nümayiş etdirdin və qələbənlə ermənini yerinə otuzdurdun".
Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında bürünc medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Prezident İlham Əliyevlə görüş barədə danışarkən deyib.
63 kq çəki dərəcəsində çıxış edən idmançı ölkə başçısı ilə aralarındakı dialoq zamanı Ermənistan təmsilçisi Hraçya Poqosyana qarşı yarımfinal görüşündə üzləşdiyi təxribat haqqında danışdıqlarını bildirib: "Prezident öz çıxışında da söylədi ki, 44 günlük müharibədə haqlı qələbə qazandıq. Ermənilər isə müharibədə olduğu kimi, idmanda da özlərinə xas hərəkət edir, təxribata əl atırlar. Mənim erməniyə qarşı görüşümü izləyib. Bildirdi ki, əsl azərbaycanlı kimi davrandınız, necə mədəni xalq olduğumuzu dünyaya göstərdiniz. Sağollaşıb gedən zaman mənə dedi ki, həqiqətən böyük səbr nümayiş etdirdin, ermənini qələbənlə yerinə otuzdurdun və düz etdin. Mən də ona "çox sağ olun, cənab Prezident" dedim".
Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevlə görüşmək idmançılar üçün böyük stimuldur: "Komandamız yeni tarix yazdı. Yunan-Roma güləşi üzrə yığma ilk dəfə komanda hesabında Avropa çempionu oldu. Cənab Prezidentin bizi qəbul etməsi çox xoş oldu. Ölkə başçısıın idmana qayğısı və diqqəti göz önündədir, danılmazdır. Prezident bizi təbrik etdi, daha məsuliyyətli, ciddi olmağımızı tövsiyə etdi və gələcək yarışlarda uğurlar arzuladı. Uğurlu çıxış etdikcə, dövlət başçısı bizi qəbul edir və öz təbriklərini çatdırır".