"Təhqirlər təkrarlansa, klublar cərimələnəcək"

AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov "Neftçi" və "Qarabağ" arasında Azərbaycan Premyer Liqasının III tur matçından sonra klublara ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi ilə bağlı xəbərdarlıq edilməsinə aydınlıq gətirib.

Hüseynov "Report"a açıqlamasında bunun görüş vaxtı azarkeşlərin təhqiramiz ifadələr işlətməsi ilə bağlı olduğunu söyləyib.

O bildirib ki, bu hal gələcəkdə təkrarlanarsa, klublar 4 000 manat cərimələnəcək: "İctimai təhlükəsizlik nədən başlayır? Məsələn, uşağın biri söyüş söyür, 2-3 nəfər bunu təkrarlayır, söhbət bağlanır. Yaxud da bu, kütləvi şəkildə baş verir. Orada elə bir dava düşə bilər ki, qarşısında durmaq olmaz. Hər iki kluba xəbərdarlıq etdik. Hətta zəng vurub tapşırdıq ki, belə hallar təkrarlansa, cərimələnəcəksiniz. Azarkeş ömür boyu söyüş söyüb. Bunu futbolun eybəcər gözəlliyi sayaq. Yəni, tərəfdarın ağzını bağlaya bilməzsən. Azarkeş təhqirə başlayanda AFFA nümayəndəsi tez ev sahibi komandaya bildirməlidir. Bundan sonra stadionda mikrofonla elan edilməlidir ki, ictimai asayişi pozmayın, təhqiri dayandırın. Təhqirlər təkrarlanarsa, bu, raportda qeyd edilir və həmin hərəkətə görə cərimə tətbiq olunur".

Hüseynovun sözlərinə görə, "Neftçi" - "Qarabağ" matçının AFFA nümayəndəsi Məmmədəli Məmmədov raportda oyun vaxtı insidentin baş verdiyini və polislərin söyüş söyən şəxsləri stadiondan kənarlaşdırdıqlarını yazıb: "Ona görə klubları cərimələmədik, xəbərdarlıqla kifayətləndik. Bu hal təkrarlanarsa, klublar 4 000 manat cərimələnəcəklər. Məcəllədə 41-ci maddədə göstərilib ki, təhqirin növləri var. Baxır, kimi söyürsən. Yəni, təhqir də ictimai asayişin pozulması sayılır. Canlı yayım gedir, buna hamı baxır. Söyüş xuliqanlığın bir növüdür".

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.