Turan Qafarov: "Mən növbəti dünya kəmərlərini ölkəmizə gətirməyə çalışacam"

Fransada keçirilən savat pro üzrə peşəkar döyüşlərdə iştirak edən kikboksçumuz Turan Qafarov Bakıdadır.

Dünya kəmərinin sahibi olan idmançı ilk təəssüratlarını Sportline.az saytı ilə bölüşüb.

“Fransadakı yarışda 4 dünya çempionu üz-üzə gəldi. Mən K1 versiyasındaydım. Biri muay-tay, digər ikisi isə savat döyüşçüsü idi. Qalib gələn savat pro dünya kəmərini qazanacaqdı. İlk döyüşüm italyan Yurin Gentle ilə oldu. 3 raundda tam üstünlüklə qalib gəlib finala çıxdım. Həlledici görüşdə mərakeş əsilli fransalı idmançı Aziz Abdelaoui ilə döyüşdüm. İlk raunundun 1-ci dəqiqəsində qalib gəldim ona və savat pro dünya kəmərini Azərbaycana gətirdim. 2 aydan çoxdur ki, bu döyüşə hazırlaşırdım. Əməkdar məşqçi, gənc və yeniyetmə kikboksçulardan ibarət millimizin baş məşqçisi Hikmət Hacıyevin rəhbərliyi altında məşq keçirdim. Hikmət müəllimə çox təşəkkür edirəm. Mənim üstümdə çox əziyyət çəkdi və bəhrəsini də gördük.

Hazırda 2 döyüşə təklif almışam. THAI FIGHT və KOK dünya kəməri uğrunda döyüşlər olacaq. Bu kəmərlərin heç biri Azərbaycanda yoxdur. Mən növbəti dünya kəmərlərini ölkəmizə gətirməyə çalışacam. Bunun üçün də Hikmət müəllimlə birlikdə təlim-məşq toplanışına başlayacağam”.

WAKO üzrə dünya ikincisi və Avropa üçüncüsü olan idmançı bunadək keçirdiyi 34 döyüşdən 4-də nokautla olmaqla 27 dəfə qalib gəlib. 6 dəfə məğlub olan Turan Qafarovun 1 heç-heçəsi var.