"UltrAslan Azərbaycan" fanklubu "Qarabağ" - "Qalatasaray" matçına hazırlaşır

"Həm "Qarabağ"ı, həm də "Qalatasaray"ı dəstəkləyəcəyik".

Bunu Sportline.az saytına açıqlamasında "UltrAslan Azərbaycan" fanklubunun rəhbəri Sənan Rəsulzadə deyib.

O, bildirib ki, oyuna böyük hazırlıq gedir: "Qalatasaray"la "Qarabağ"ın qarşılaşacağını eşidəndə dərhal hazırlıqlara danışıqlara başladıq. "Qalatasaray" klubu ilə danışdıq və bizə Bakı Olimpiya Stadionunda ayrıca tribunanın verilməsini istədik. Onlar da "Qarabağ" rəbərliyi ilə əlaqəyə keçdi. Ağdam klubunun rəhbərliyi bizə çətinlik yaratmadı. Onlara təşəkkür edirəm.

"Qarabağ"ın azarkeş qrupları 2 qapı arxasına toplaşırdılar. Amma bu dəfə 1 qapı arxasını bizə verdilər. Onlara da təşəkkür edirəm. Biz bu biletləri say məhdudiyyəti qoyaraq tribuna potensialı olan gənclərdən, "Qalatasaray" mədəniyyətinə bələd olan azarkeşlərdən seçməyə çalışırıq. Çox gözəl şeylər edəcəyik. Buna çox həvəsliyik. Edəcəyimiz hər bir şey digər azarkeş qruplarına örnək olacaq".