Veloidman: Pedala həvəskar toxunuş

Son illər Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində səmərəli fəaliyyət diqqət çəkir. Respublika Velotrekinin təmiri, Veloparkın istifadəyə verilməsi, yarışların, xüsusilə, “Tour d'Azerbaidjan” beynəlxalq veloyürüşünün  ənənəyə çevrilməsi ölkədə bu idman növünün tanıdılması, daha geniş auditoriyaya çatdırılması üçün töhfədir. Təbii ki, əziyyət bəhrəsiz qalmır. Bu, yeni yaranmasına rəğmən, beynəlxalq arenalarda uğurları sıralayan “Synergy Baku”nun çıxışında da əksini tapır.

Azərbaycanda inkişaf dövrünə qədəm qoyan bu idman növünün məşhurlaşması üçün, xüsusilə, yeniyetmələr arasında müxtəlif yarışlar təşkil edilir. Belə yarışlarda üzə çıxan perspektivli idmançılar seçmə komandaya dəvət olunur.

Bu cür idman tədbirlərindən biri həftəsonu Dənizkənarı Bulvarda keçirilib. Həvəskarlar arasında, 28 May Respublika gününə həsr olunan velosiped yarışında iştirak etmək üçün onlarla gənc bir yerə toplaşıb. İştirakçılar Bakı İdman Sarayının yanından Dövlət Bayrağı Meydanına qədər olan məsafəni qət ediblər.

Həvəskarların velosiped yarışı, gözlənildiyi kimi, gərgin və maraqlı mübarizə ilə yadda qaldı.  İştirakçıların təəssüratlarında xeyli maraqlı məqamlar var.

16 yaşlı Cavidan Mustafazadə ilk dəfədir, velosiped yarışına qatılıb. O, daha çox iştirakçının mübarizə apardığı idman tədbirlərinin maraqlı keçdiyini qeyd edib.



Elnur Nazirov üçün də bu yarış bir ilkdir. Dostları ilə tez-tez velosiped sürdüyünü bildirən Elnur bunu ən sevimli məşğuliyyəti hesab edir.

Qəzənfər Mirzəyev ötən il müəyyən səbəblərdən qatıla bilmədiyi yarışda ilk dəfədir qüvvəsini sınayır. Vaxtının böyük hissəsini velosiped sürməyə həsr etdiyini deyən həvəskar velosipedçi bu idmanın, həm əyləncə, həm də sağlamlıq olduğunu söyləyir.  



Rəşad Məmmədov
isə peşəkardır. 3 ilə yaxındır velosiped idmanı ilə məşğul olan Rəşad Azərbaycanı beynəlxalq veloyürüşlərdə təmsil etməyə iddialıdır.

Vüsal Məmmədzadə
SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir