Velosipedin faydaları

Velosipedi idman növü kimi fərqləndirən cəhətlərdən biri də məişətdə də istifadə olunmasıdır. Sağlam həyat tərzinə üstünlük verənlər idmanın bu növünə daha çox müraciət etməkdədirlər. Bu fikri dünyanın inkişaf etmiş ölkələrinə aid etmək olar. Bununla belə Azərbaycan kimi, inkişaf etməkdə olan ölkələr üçün də xarakterik hal kimi dəyərləndirə bilərik.

Nə üçün, məhs velosiped? Səbəbini izah etmək elə də çətin deyil. İdmanın bu növü son zamanlar geniş yayılan ürək – damar xəstəliklərinin qarşısını almaq üçün olduqca faydalıdır. Araşdırmalar velosiped idmanı ilə müntəzəm məşğul olanlarla yanaşı, ondan adi nəqliyyat vasitəsi kimi yararlananların da bu tip xəstəliklərdən uzaq olduğunu isbatlayıb. Veteran velosipedçilər arasında bu deyim nahaq yerə populyarlıq qazanmayıb: “Ürəyimi hiss eləmirəm”. Velosipedlə müntəzəm gəzintilər hətta ən ahıl yaşlarda belə ürək ağrılarından sığortalanmaq anlamına gəlir.

Mütəxəssislərin qənaətinə görə,  velo idmanla məşğuliyyət həm, ürək döyüntülərinin, həm,  qan dövranının tənzimlənməsi baxımından əhəmiyyətlidir. Velosipedlə gəzinti zamanı insan bədənində 206 sümük, 600-ə yaxın əzələ hərəkət edir. Bu isə, insanın bütün “hərəkət aparatının” möhkəmlənməsinə xidmət edir. Təbiət qoynunda velosipedlə gəzintilər maddələr mübadiləsinə müsbət təsirlə yanaşı, təbiətin gözəlliyindən yaranan xoş təəssüratlar əsəb sisteminin fəaliyyətinin normallaşmasına gətirib çıxarır. Artıq kilolardan yaxa qurtarmaqla atletik bədən quruluşuna yiyələnmək istəyənlərə də velosiped ən münasib vasitələrdən hesab olunur. Başlanğıc üçün ən sadə velosiped seçib, vaxtaşırı məşğuliyyəti müntəzəm formaya salmaqla sadaladığımız keyfiyyətlərə yiyələnmək olar.

Bakının yeni bulvar ərazisində velo idmanla məşğul olmaq üçün, kifayət qədər münasib şərait yaradılıb. Son vaxtlar həm gənc, həm yaşlı nəslin nümayəndələrinin velosipedlə gəzintiyə çıxması bu növə olan marağın getdikcə artmasının göstəricisidir. Boş vaxtlarını səmərəli keçirməyə üstünlük verənlər bununla sağlamlığın qayğısına qaldıqlarını nümayiş etdirirlər. Təqdirəlayiq haldır ki, peşəkarlarla yanaşı, həvəskarlar arasında keçirilən yarışların da sayı yüksələn xətt üzrə hərəkət edir. Həmin turnirlərdən gələcəyin peşəkar velosipedçilərinin çıxması perspektivi də yüksək qiymətləndirilir.

Tural Xudiyev
Velotur | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir