Yeniyetmə hənbolçularımız beynəlxalq festivala qatılıblar

İyunun 3-dən 9-dək, Rusiyanın Tolyatti şəhərində, XVI beynəlxalq uşaq həndbol festivalı keçirilir. Ənənəvi xarakter daşıyan tədbir, kütləviliyi ilə seçilir. Belə ki, ilk festivala yalnız Rusiya və Ukraynanın 17 şəhərindən 45 komanda qatılmışdısa, XV festivalda Rusiyanın 41 şəhərindən, həmçinin Qazaxıstan və Özbəkistandan 152 komanda iştirak edib. Builki festivalda Azərbaycan həndbolçuları da bacarıqlarını göstərirlər. Müxtəlif idman məktəblərdən seçilmiş, 17 yaşadək qızlardan ibarət komandamızın 14 üzvü,  bu günlər Tolyatti festivalının iştirakçısıdır. Komandaların festival çərçivəsində ən azı 5 oyun keçirmək imkanı var. Qeyd edək ki,  16-cı uşaq beynəlxalq həndbol festivalının proqramı yalnız idman yarışlarını əhatə etmir. İştirakçılar eyni zamanda, geniş miqyaslı mədəni-əyləncəli tədbirlərə də qatılırlar.