AÇ: Dörd güləşçimiz yarımfinalda
Azərbaycanın 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportline.az xəbər verir ki, mübarizəyə 1/4 finaldan başlayan 55 kq çəki dərəcəsindəki Eldəniz Əzizli Denis Mihaya (Rumıniya) qalib gələrək növbəti mərhələyə adlayıb. Onun yarımfinaldakı rəqibi Rudik Mkrtçyan (Ermənistan) olacaq.
87 kq-dakı İslam Abbasov əvvəlcə Matey Mandiçi (Xorvatiya), ardınca isə Zurab Datunaşvilini (Serbiya) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Abbasov finalın bir addımlığında Niku Samuel Ojoqla (Rumıniya) qarşılaşacaq.
63 kq çəki dərəcəsindəki Taleh Məmmədov ilk görüşdə Ahmet Uyara (Türkiyə) eyni hesabla qalib gələrək adını yarımfinala yazdırıb. Məmmədovun bu mərhələdəki rəqibi Hraçya Poqosyan (Ermənistan) olacaq.
130 kq-da yer alan Beka Kandelaki isə təsnifat mərhələsindən Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. 1/4 finalda David Ovasapyanla (Ermənistan) qarşılaşan idmançı inamlı qələbə qazanıb. Kandelaki ilk hissədə erməni rəqibindən 5 xal alıb. Görüşün başa çatmasına 1 dəqiqə 25 saniyə qalmış başından zədə alan Ovasapyan mübarizəni davam etdirə bilməyib. Yekunda 5:1 hesablı qələbə qazanan Kandelaki yarımfinala yüksəlib. O, finala gedən yolda Rza Kayaalpla (Türkiyə) görüşəcək.
77 kq-da yer alan Sənan Süleymanov isə 1/8 finalda İlye Kojokari (Rumıniya) üzərində qələbə qazansa da, növbəti görüşdə Malxas Amoyana (Ermənistan) uduzub.
Beləliklə, bu gün mübarizəyə başlayan 5 yunan-Roma güləşçisindən 4-ü yarımfinala adlayıb.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.