AFFA cərimələri yağdırdı
Misli Premyer Liqasının X turunda bir sıra komandalar cərimələnib.
Sportline.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
"Qarabağ" klubu 4500 manat cərimələnib.
Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub.
Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. "Köhlən atlar" buna görə 3000 manat ziyana düşüb.Bundan əlavə, "Qarabağ"a daha 1500 manat cərimə kəsilib. Komandanın futbolçusu Zakaria Savonun (Zakaria Sawo) formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilib.
"Qəbələ" isə "Zona 1" ərazisində kənar şəxslər olduğuna görə 1000 manat ödəyəcək.
"Şamaxı" və "Turan Tovuz" klubları meydana kənar şəxslər daxil olduğuna görə 2500 manat cərimələnib.
Noyabrın 1-də keçirilən "Şamaxı" - "Neftçi" matçının fasiləsində meydana kənar şəxslər daxil olduğuna görə şamaxılılar 2500 manat cərimələnib. Həmçinin "Neftçi"nin fotoqrafı əsasnamənin tələblərini pozduğu üçün klub 500 manat cərimə olunub.
Noyabrın 2-də "Sumqayıt" - "Şəfa" görüşündə 5 futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cəriməyə məruz qalıb.
Oktyabrın 30-da baş tutan "Turan Tovuz" - "Sabah" matçı bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün Tovuz təmsilçisi 2500 manat cərimə olunub. Həmin oyunda 5 futbolçusu sarı vərəqə alan "Sabah" klubu isə 700 manat cərimələnib.