AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.

Sportline.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Frank De Blekere bu posta təyin olunub.

AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunub, namizədlərdən belçikalı Frank De Blekerenin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilib.

Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranıb. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.

Frank De Blekere iyulun 28-dən Azərbaycan Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.

Qeyd edək ki, Frank De Blekere 1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb və UEFA-nın hakim-inspektoru kimi fəaliyyət göstərir.

O, daha əvvəl Belçika Futbol Assosiasiyasının Hakimlər üzrə Texniki Direktorunun müavini vəzifəsində işləyib. Sabiq referi 7 dəfə Belçikada ilin hakimi seçilib, 6 dəfə “Qızıl Fit” mükafatı ilə təltif edilib.