“Afinanın küçələrində üzərində Azərbaycan, “Qarabağ” yazılan köynəklərdə gəzirik”
Bu axşam bütün diqqətlər Pireyə yönələcək. “Qarabağ” Bakı vaxtı ilə saat 23.00-da “Georgios Karaiskakis” adına stadionda “Olimpiakos”un qonağı olacaq.
Oyundan öncə Ellada torpağında vəziyyət necədi? Qarşılaşmaya maraq, arena, hava durumu - bir sözlə, bizi maraqlandıran məqamlara aydınlıq gətirmək üçün hazırda Yunanıstanda olan həmkarımız, “Space” telekanalının İdman Departamentinin rəhbəri Tural Xudiyevlə əlaqə saxladıq. Onun görüşün başlamasına saatlar qalmış “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Oyunun keçiriləcəyi Pireydə futbol ab-havası hiss olunur. İstər şəhərin küçələrində yerləşdirilən banerlərdən, istərsə də stadion ətrafında yaşananlardan axşam Avropa Liqasının matçı olacağı bilinir. Qarşılaşmadan bir-iki gün öncə azarkeşlərin küçələrdə aksiya keçirməsini, Avropa Liqasının oyununa xüsusi hazırlaşdığını görmədik. Arenanın ot örtüyü ideal səviyyədədi. Stadion da oyuna hazırdı. Dünən “Qarabağ”ın açıq məşqində iştirak etdik. Artıq tribunalardakı oturacaqlar belə təmizlənib. “Qarabağ”ın düşərgəsində əhval-ruhiyyə yüksəkdi və qələbə ruhu hiss olunur. İnanıram ki, Yunanıstandan uğurlu nəticə ilə dönəcəyik”.
Həmkarımız azərbaycanlı azarkeşlərin stadiona kompakt şəkildə gedəcəyini, mühafizə ilə təmin olunacağını da bildirdi:
“Afina turist şəhəri kimi tanınır. Qədim dünya mədəniyyətinin beşiyidi. Yunanıstan paytaxtında daha çox turistik ab-hava var, nəinki futbol. Hava normal, səma açıqdı. Qısa desək, əsl futbol havasıdı. “Qarabağ” bugünkü oyunda avrokuboklardakı başqa matçlarda olduğu kimi tək olmayacaq. Təxminən 100-ə yaxın azarkeşin stadiondan təmsilçimizi dəstəkləyəcəyi gözlənilir. Ölkənin qaydalarına əsasən onlar pərakəndə şəkildə stadiona gələ bilməzlər. Klub tərəfindən bu yöndə addımlar atılıb. Xüsusi avtobuslar ayrılıb ki, orda mühafizə də olacaq. Azarkeş sayını təxmini dedim. Bundan çox və ya az da ola bilər. Stadionda 22 min azarlkeşin olacağı gözlənilir. Bundan əvvəlki qarşılaşmada yaşananlara görə tribunanın biri bağlıdı. Onu da qeyd edim ki, azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq, bizim tərəfdarlar üçün biletlər stadionun ətrafındakı kassalarda yox, Afina Olimpiya Stadionunun yanında təşkil olunub. Azarkeşləri satadiona aparacaq avtobuslar da məhz həmin yerdən yola çıxacaq. Bəlkə də təhlükəsizlik sözünü çox işlətdim. Burda olduğumuz müddətdə hansısa təxribatla rastlaşmamışıq. Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik. Heç bir problemlə də üzləşməmişik”.
Football-plus.az